Prezident seçkilərində 4 təşkilat "exit-poll" keçirmək istəyir - MSK-YA MÜRACİƏT ETDİLƏR

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün 4 təşkilat Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edib.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

 

Qeyd edək ki, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"na əsasən "exit-poll" keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək  akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidir.  Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

 

MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

 

APA-nın əldə etdiyi məlumata görə, "Els" Müstəqil Araşdırmalar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə "exit-poll" keçirmək üçün MSK-ya müraciət edib.

 

Bu arada aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb. 5 milyon 347 min 803 bülleten çap olunacaq.

 

Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün qalmış, seçki məntəqələrinə isə səsverməyə 3 gün qalmış çatdırılacaq.

                                                       

Müəllif | Apa.Tv
Apa.tv