PKK Sincarı boşaltdı, Türkiyə şəhid verdi, Ərbilə uçuşlar başlayır
PKK terror təşkilatı İraqın şimal-qərbindəki Sincar məntəqəsini tərk edib.
APA TV-nin məlumatına görə, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın "Rudaw" telekanalında PKK-nın Sincarı boşaltdığı bildirilib.
Sincar İraqın Ninova vilayətinə aid yaşayış məntəqəsidir və Türkiyə sərhədləri yaxınlığında yerləşir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın Sincarda möhkəmlənməsinə imkan verməyəcəklərini və lazım olarsa, İraq hökuməti ilə birlikdə və ya müstəqil şəkildə orada hərbi əməliyyat keçirəcəklərini dəfələrlə bəyan etmişdi.
Yeri gəlmişkən, Türkiyənin baş naziri Binəli Yıldırım kürd muxtariyyətinin mərkəzi Ərbil şəhərinə aviauçuşların bərpa olunacağını qeyd edib.
Xatırladaq ki, Türkiyə hökuməti İraqın şimalında keçirilən müstəqillik referendumu ilə əlaqədar yerli kürd administrasiyasına qarşı sanksiyalar tətbiq etmiş və 2017-ci il sentyabrın 29-dan etibarən Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşları dayandırmışdı. Referendum həmçinin İraq Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılıb və heç bir dövlət tərəfindən tanınmayıb.
Bu arada Türkiyənin Batman əyalətində, dağlıq ərazidə təhlükəsizlik qüvvələri və terrorçular arasında atışma olub.
PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, daha 2-si yaralanıb.
Hazırda ərazidə terrorçuların zərərsizləşdirilməsi məqsədilə əməliyyat davam etdirilir.