Cənub rayonlarımızda güclü külək tüğyan edib - DAĞINTILAR VAR

Səhər saatlarından etibarən əsməyə başlayan və iki saatdan çox davam edən güclü külək Masallı rayonunda ciddi fəsadlar törədib. APA TV-nin cənub bürosu xəbər verir ki, rayon ərazisində 45-ə yaxın irigövdəli çoxillik ağaclar kökündən çıxaraq aşıb. Masallı şəhəri ərazisində 4 mərtəbəli 32 mənzilli yaşayış binasının 300 kv. metrlik dam örtüyünü külək uçurub. Güclü külək kəndlərdə 4 məktəb binasının, 10-a yaxın fərdi evin, şəhər ərazisində 3 sahibkarlıq obyektinin, dam örtüklərini yerə salıb.

Bundan başqa rayon ərazisində 70-ə yaxın işıq dirəyinin aşması nəticəsində 10 kilovoltluq xətlərdə qəza baş verib. Bu səbəbdən rayon mərkəzi istisna olmaqla, Masallının bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. 130 ədəd rabitə dirəyi aşıb, 10 km-ə yaxın rabitə kabeli sıradan çıxıb.

Masallı Elektrik Şəbəkəsinin baş mühəndisi Miramil Mürsəlovun sözlərinə görə:

"Dəymiş ziyanı hesablamışıq. 130 04 tərəfdən dayaqlar aşıb, 60 ədəd 10 kilovoltluq dayaq aşıb, 5 km məftil qırılıb yerə düşüb. Bu istiqamətdə işlərimizi planlaşdırmışıq, qərargah yaratmışıq. Günün birinci yarısına qədər şəhər ərazisində bütün strateji əhəmiyyətli obyektlər, eləcə də şəhər əhalisinin elektrik enerjisi tam təmin edilib".

Əsən güclü külək nəticəsində Masallı rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobilinə, eləcə də bir neçə rayon sakininin avtomobilinə ciddi ziyan dəyib. Sərcuvar kənd sakini, sahibkar Abdullayev Rafİq Paşa oğluna məxsus kənd təsərrüfatı təyinatlı obyektinin dam örtüyünün uçması nəticəsində 2000-ə yaxın cücə tələf olub. Hazırda Masallı rayon fövqəladə hallar komissiyası güclü külək nəticəsində rayona dəymiş ziyanın miqyasını dəqiqləşdirir. Rayonun adiyyatı təşkilatları güclü küləyin yaratdığı fəsadları aradan qaldırır.

Güclü külək Lerikdə isə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri aşıb, naqillər qırılıb. Elektrik enerjisinin ötürülməsində fasilə yaranıb. Lənkəranda da külək fəsadsız ötüşməyib, ucqar dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində fərdi evlərin dam örtüyünə qismən ziyan dəyib. Bundan başqa güclü külək Cəlilabad rayonunun Ləkin, Buravar, Şatırlı, Əsədli, Badamağacı kəndlərində də fəsadlar törədib. Nəticədə elektrik dirəkləri aşıb, naqillər qırılıb və elektrik enerjisinin ötürülməsində fasilə yaranıb.

Müəllif | Apa.Tv
Apa.tv