Qasırğa Daşkəsəndə 80-dək binanın damını uçurub

Martın 24-dən əsən güclü külək nəticəsində Daşkəsən rayonu ərazisində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, Daşkəsən şəhəri S.Vurğun küçəsi 15 və 16 saylı, 2 mərtəbəli, hər biri 12 mənzilli olan yaşayış binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə ciddi ziyan dəyib.

Güclü külək həmin binaların dam örtüklərini  tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən atıb. Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib, dam örtükləri tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Daşkəsən rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv