Neft ABŞ-ın təsirindən çıxır: OPEK aktivləşir - SON QİYMƏT

Xam neftin qiymətləri şənbə gününə nisbətən dəyər itirib.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftinin həftə sonu 70 dolları keçməsinin əsas səbəbləri Səudiyyə Ərəbistanından qaynaqlanıb. Əsas səbəb Yəmən üsyançılarının bu ölkəyə raket zərbəsi olub.

"Baş verənlər - Yaxın Şərqdə əsas neft hasilatçısı olan ölkədə gərginliyin yaranması bazarda problem yarada bilər".  Bu fikir isə qiymətlərə müsbət təsir edir. Digər tərəfdən Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir.

Bu arada ABŞ-da fəal neft quyularının sayının artması kölgədə qalmağa başlayıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə Con Boltonu gətirməsi də, prosesə təsirsiz ötüşmür. Belə ki, bu təyinatla OPEK üzvü və böyük neft ixracatçısı İrana qarşı təzyiqlərin artacağı adı çəkilən ölkənin neft hasilatına mənfi təsir edəcək.

Yeri gəlmişkən, ABŞ-da neft ehtiyatları azalmaqdadır. Bu isə OPEK-in siyasətinə yarayır.

Bütün sadalananlar neft bazarında qiymətlərin yenidən yüksələcəyini göstərir.

Hazırda isə birjalarda "Brent" markalı neft 69,59 dollardan, Qərbi Texas markası isə 65,56 dollardan satılır.

Müəllif | Apa.Tv
Apa.tv