ATƏT Minsk Qrupunun həmsədrləri Bakıya gəlib

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana səfəri başlayıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev həmsədrləri və Anjey Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib. Danışıqlar yekunlaşdıqdan sonra həmsədrlərin İrəvana səfər edəcəkləri planlaşdırılıb. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər. Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv