Mingəçevirdə fəhlə yataqxanasında yanğın - 3 NƏFƏRİN HALI PİSLƏŞDİ

Mingəçevirdə özəl müəssisənin fəhlələri üçün nəzərdə tutulan yataqxanada yanğın baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, "Texniki Rezin" ASC-nin şəhərin Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evdə olan 3 qadının - 1981-ci il təvəllüdlü Seyidova Tünzalə Haqverdi qızı, 1965-ci il təvəllüdlü  Məmmədova Nüşabə Zeynəddin qızı və 1967-ci il təvəllüdlü Qasımova Məsimə Abuzər qızının tüstüdən halı pisləşib. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv/m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə edilib.

Müəllif | Apa.Tv
Apa.tv