Qasırğanın Masallıya vurduğu ziyan dəqiqləşdirilib - FƏSADLAR QALDIRILIR
Masllı rayonunda güclü küləyin törətdiyi fəsadların aradan qaldırılmasına başlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, martın 25-də səhər saatlarından etibarən əsməyə başlayan güclü külək Masallı rayonunda ciddi fəsadlar törədib. Evlərin dam örtüklərini uçurub, şəhər, elektrik, rabitə və kənd təsərrüfatına ciddi ziyan vurub.
Artıq küləyin yaratdığı fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda hündürmərtəbəli yaşayış binalarının, fərdi evlərin, sosial obyektlərin uçmuş dam örtükləri yenisi ilə əvəz olunur. Həyətyanı sahələrdə isə uçmuş hasarlar yenidən bərpa olunur. Güclü qərb küləyi, ilkin hesablamalara görə, ümumilikdə 450 min manata yaxın ziyan vurub.
"Dam örtüyü atmış yaşayış binalarının dam örtüyü təmir edilmiş, elektrik xətləri bərpa olunmuş, əsasən günün axırına kimi rayon ərazisində elektrik verilişi tam bərpa olunması nəzərdə tutulmuşdur. İlkin hesablamalara görə, rayon ərazisinə ümumi 450 minə yaxın ziyan dəymişdir", - Memarlıq və tikinti şöbəsinin müdiri Abas Mikayılov belə deyib.
Qeyd edək ki, Masallı rayonunda əsən güclü külək rayon ərazisində 45-ə yaxın irigövdəli çoxillik ağacları kökündən çıxararaq aşırıb. Şəhər ərazisində 4 mərtəbəli 32 mənzilli yaşayış binasının 300 kv/m dam örtüyünü uçurub. Güclü külək kəndlərdə 4 məktəb binasının, 10-a yaxın fərdi evin, şəhər ərazisində 3 sahibkarlıq obyektinin dam örtüklərini uçurub. Bundan başqa rayon ərazisində 70-ə yaxın işıq dirəyinin aşması nəticəsində 10 kv-luq xətlərdə qəza baş verib.