Bakıda daha bir MAGİSTRAL YOL ƏSASLI TƏMİRƏ BAĞLANDI
Bakıda daha bir magistral yol əsaslı təmirə bağlandı. Bunu APA TV-yə “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
O bildirib, Tiblisi prospektinin İzmir prospekti ilə kəsişməsindən 20 yanvar qovşağına kimi olan ərazidə yollarda aparılan təmir-bərpa işlərinin davamı olaraq Abdulvahab Salamzadə küçəsindən 20 yanvar dairəsinə kimi olan yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. P. Mürsəliyev magistral yolun təxminən 450 metr uzunluqda olan hissəsində yolun asfaltlandığını bildirib: “İlkin mərhələdə köhnə asfalt beton örtüyü qaşınıb. Hazırda yeni asfaltlama işləri aparılır ki, görülən işlərin günün sonuna kimi bitməsi gözlənilir”.
Təmirə bağlanan prospektdə avtomobillərin hərəkəti istiqamətinə gəlincə, “Azəryolservis” sözçüsü deyib ki, əvvəldən xəbərdaredici nişanlar qoyulduğundan səhər saatlarından bu ərazidə tıxac müşahidə edilməyib: “Tiblisi prospektində 20 yanvar dairəsinə tərəf hərəkət edən nəqliyyat vasitələri Salamzadə küçəsindən keçməklə "Papanin" körpüsündən 3 mikrorayon dairəsinə çıxa biləcək. Kifayət qədər alternativ yollardan istifadə etmək mümkündür”.
Qeyd edək ki, Tiblisi prospektində yolun təmir bərpa işləri bu ilin yay aylarından mərhələli şəkildə həyata keçirilir.