ABŞ 60 rus diplomatı qovacaq - QƏRB RUSİYAYA QARŞI BİRLƏŞDİ
ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə rusiyalı diplomatları ölkədən çıxaracaq.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, buna səbəb Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş, daha sonra ABŞ və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliyanın zəhərlənməsi faktıdır.
Təkcə ABŞ-ı 60 rusiyalı diplomat tərk etməli olacaq. ABŞ Dövlət Departamentindən bildiriblər ki, BMT-də təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu da bağlayacaq.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, Almaniya, Fransa və Polşa 4, Çexiya 3, Hollandiya 2, Ukrayna isə 13 rus diplomatı "arzuolunmaz şəxslər"in siyahısına daxil edib. Kanada, Albaniya və İspaniyada da rus diplomatlarının ölkədən xaric edilməsi müzakirə olunur. Türkiyə, Avstriya, Slovakiya və Yeni Zelandiya isə rus diplomatlarını qovmaqdan imtina ediblər. Bu, "soyuq müharibə" dövründən sonra Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri ən sərt diplomatik sanksiyasıdır.
Rusiya xarici işlər nazirinin müavini Vasili Nebezya bəyan edib ki, rəsmi Moskva birmənalı olaraq atılan addımları hüquqi əsassız hesab edir: "Böyük Britaniya və müttəfiqlərinə ən qısa zamanda cavab veriləcək. Lakin biz istənilən halda danışıqlara hazırıq" - deyə o qeyd edib.