Ağsudakı nekropolda arxeoloji qazıntılar başlayıb
AMEA-nın müxbir üzvü Vəli Əliyev Ağsu rayonunun Gəgəli kəndində yerləşən Nərgizava nekropolunda arxeoloji qazıntı işlərinə başlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 32 kvadratmetr sahədə və 60 santimetr dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq qəbirlər, insan skeletinin qalıqları, saxsı qablar, metal əşyalar və bəzək nümunələri aşkar olunub.
Qəbirdəki skeletin vəziyyəti zəif bükülü, istiqaməti üzü cənuba olub, onun belində ilan və insan təsvirli kəmər başlığı aşkarlanıb. Qəbrin içərisinə Nərgizava tipli dördqulplu saxsı şərab qabı, Şirvan tipli ilgəkvari qulplu saxsı yemək qabı, dolça tipli saxsı su qabı qoyulub. Bütün qablar Ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Maraqlıdır ki, zəngin şəxsə məxsus olduğu ehtimal edilən bu skeletin ətrafında üzə çıxan 2 sıx bükülü skeletin istiqaməti isə şimala və qərbədir. Qazıntının genişləndirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.
Qeyd edək ki, Nərgizava nekropolu 1998-ci ildə o zaman Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olan Fariz Xəlilli tərəfindən üzə çıxarılıb. Kənd sakinlərinin təsadüfən aşkar etdiyi eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. 2006-cı ildə Oğuz-Qəbələ-Bakı su kəməri zamanı Nərgizava nekropolunda 25-dən çox küp qəbirlər aşkar olunub. 2008-2010-cu illərdə arxeoloqlar Şirzad Əhmədov və Akif Quliyev torpaq qəbirlərin yerləşdiyi Gəgəli kənd sakinlərinə məxsus fərdi həyətyanı sahələrdə yoxlama qazıntı işləri aparsalar da, sonradan ərazi genişləndirilməyib və iş yarımçıq qalıb. AMEA-nın müxbir üzvü Vəli Əliyevin başlatdığı yeni qazıntı nekropolun öyrənilməsi ilə yanaşı, həmin ərazidə qədim yaşayış məskəninin üzə çıxarılmasına da imkan verəcəkdir.