Kim Çen In Çində - İLK XARİCİ SƏFƏRƏ QATARLA GEDİB
Şimali Koreya lideri Kim Çen Inın Çinə ilk rəsmi səfəri başa çatıb. APA TV-nin xəbərinə görə, bu barədə "Associated Press" xəbər yayıb.
Çinə tam məxfi şəkildə səfər edən Şimali Koreya liderini Pekinin mərkəzi vağzalından yola düşən zaman görüblər.
Kim Çen Inın avtomobil karvanı yola düşərkən vağzal sərnişinlər və işçilər üçün bağlı elan edilib və bütün heyət ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, yerli mətbuat 26 mart tarixində Pekinə Şimali Koreyadan ilk dəfə olaraq xüsusi hazırlanmış qatarın gəlişi barədə məlumat yaymış və həmin qatarda Kim Çen Inın olduğunu qeyd etmişdi. Bu, Kim Çen Inın Şimali Koreya xaricinə ilk səfəridir.
Rəsmi Pekin müəyyən olunmuş vaxtda səfərin təfərrüatları barədə informasiya yayacağını bəyan edib. Şimali Koreya Mərkəzi Kommunist Partiyasının rəsmi qəzeti "Nodon Simun" isə hələ ki, səfər barədə heç bir məlumat verməyib.
Bundan öncə Kim Çen Inın atası Kim Çen İr və babası Kim İr Sen də xarici səfərlərə məhz dəmiryolu vasitəsilə gediblər. Sonuncu dəfə 2011-ci ildə Kim Çen İr Ulan-Udeyə səfər etmiş və orada Rusiya prezidenti Dmitri Medvedevlə görüşmüşdü.