Bakıda "İnstagram" dələduzu tutuldu

Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Şirvan şəhər sakini Rəsul Mehdiyev "İnstagram" sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonunun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

 

Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində həmin səhifənin sahibi, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Ayşən Əhməd