Bakıda mənzildən 200 min manat oğurlandı - BƏLƏDÇİYƏ NƏ QƏDƏR PUL VƏD OLUNUB?
Bakıda törədilən 200 min manatlıq oğurluq hadisəsinin üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib.
Qaradağ RPİ-nin baş müstəntiqi Samir Ağayev hadisə ilə bağlı bunları deyib: “Yataq otağından oğurlayıblar. Bunların müqabilində isə oğurlanan puldan 30000 manat Dünyamalı Gülalıyevə çatmalı imiş. Oğurlanan pullar və qızıllar saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi tanınıb”.
D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.