Afrindən sonra Tel-Rıfat - TÜRK ORDUSU NÖVBƏTİ ƏMƏLİYYATA BAŞLADI

Türkiyə ordusu Suriyada növbəti hərbi əməliyyata start verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rıfat bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb.

 

Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG terrorçularının Tel-Rıfat ətrafındakı mövqelərini bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rıfatın PYD/YPG terrorçularından təmizlənməsi ilə “Zeytun budağı” əməliyyatı başa çatacaq.

 

Qeyd edək ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rıfat rayonu olacağını açıqlayıb. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rıfat nəzarət altına alınacaq və "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq.

 

Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rıfat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rıfata və oradan Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rıfat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasını istəyiblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı