"ELS": Respondentlərin 84 faizi İlham Əliyevi dəstəkləyir
"68 rayon üzrə keçirdiyimiz sorğuda ümumilikdə 1580 nəfər respondent iştirak edib". APA TV-nin məlumatına görə, bunu "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova keçirdiyi mətbuat konfransında bildirib.
O, prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə keçirilən sorğunun faiz göstəricilərini də açıqlayıb. Əksər respondent ölkədəki təhlükəsiz həyat şəraitini yüksək dəyərləndirib: "Bu suala cavab verən respondentlər ilk növbədə yaradılmış təhlükəsiz yaşayış şəraitini qeyd ediblər. Bu cavab 81,6 faiz toplayıb. Sabit siyasi vəziyyəti, yəni nəinki ölkə daxilində, həm də xarici aləmdə Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində yaradılmış stabilliyi qiymətləndirənlər 78,9 faiz olub".
Seçki hüquqlu respondentlərdən aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəkləri və hansı seçimi edəcəkləri də soruşulub. Onların 84,1 faizi birmənalı olaraq prezident İlham Əliyevə, 0,2 faizi başqa namizədlərə səs verəcəyini bildiriblər. 9,2 faiz hələ seçim etmədiyini, 6,5 faiz respondent isə ümumiyyətlə, səsvermədə iştirak etməyəcəyini açıqlayıb.
Qeyd olunub ki, sorğuda iştirak edənlərin 17,3 faizi dövlət, 21,7 faizi özəl sektorda çalışanlar, 8,1 faizini isə işsiz vətəndaşlar təşkil edib.