İslandiya Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etdi

İslandiya bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot edəcək.

 

APA TV-nin "İnterfax"a istinadən xəbərinə görə, İslandiya Xarici İşlər Nazirliyindən bildirilib ki, İslandiya 2018-ci il dünya çempionatına qarşı diplomatik boykot elan edib.

 

"İslandiya hökuməti Birləşmiş Krallıq və müttəfiqləri ilə birliyini nümayiş etdirmək məqsədilə bu addımı atıb. Rusiya ilə son dövrlərdə aparılan bütün diplomatik danışıqları dayandırmışıq. Rusiyadakı dünya çempionatını izləmək üçün heç bir hökumət nümayəndəsi Rusiyaya səfər etməyəcək" - deyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

 

Qeyd edək ki, bundan öncə Birləşmiş Krallığın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş, daha sonra ABŞ və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliyanın zəhərlənməsindən sonra baş nazir Tereza Mey krallığın heç bir rəsmisinin dünya çempionatında iştirak etməyəcəyini bəyan etmişdi.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov