Prezident Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edib

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

 

Azərbaycan prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olub, burada çalışan xarici həkimlərlə görüşüblər, onlarla söhbət ediblər.

 

Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləməsi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

 

Bildirilib ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

 

Hospitalın ən müasir tələblərə cavab verən konfrans zalında cərrahi əməliyyatları birbaşa izləmək mümkündür. Dövlət başçısı konfrans zalında hospitalda çalışan xarici həkimlərlə söhbət edib: "Siz burada güclü tibb mərkəzi qurmağa kömək göstərirsiniz. Sizi Bakıda görməyə çox şadam. İndi bizim yüksək səviyyəli avadanlığımız və həkimlərimiz var. Bizə lazım olan məhz budur – avadanlıq və tibbi xidmət. Mənə məlumat verilib ki, siz regionda, düşünürəm, ən yaxşı tibb mərkəzlərindən birini, bəlkə də ən yaxşısını yaratmağa kömək etmək üçün xəstəxana ilə sıx şəkildə işləyirsiniz".

 

Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşüblər. Prezident İlham Əliyev görüşdə çıxış edib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov