DİM 40 min saxta test tapşırıqları kitabı aşkarladı
Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər.
APA TV-nin qərb bürosunun xəbərinə görə, bu yaxınlarda Gəncə Gömrük İdarəsi tərəfindən bu cür piratçılıq nümunəsi, test tapşırıqlarına aid olan 40 min ədədə yaxın kitab saxlanılıb. Faktla bağlı açılan inzibati pozuntu üzrə işə Gəncənin Kəpəz Məhkəməsində baxılır.
Məlum olub ki, Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC ilə “Hazar İhracat İthalat AŞ” arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus olan 40 minə yaxın test tapşırıqları kitabları saxlanılıb və bu kitabların ölkəyə qeyri-qanuni yolla idxalının qarşısı alınıb. “Caspi LTD” MMC bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı “Abituriyent” jurnalının redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ölkəyə idxal edilən həmin kitabların pirat və kontrafakt məhsullar olduğu müəyyən edilib. Qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkarlanıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirib. İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və “Abituriyent” jurnalının redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilib. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas verir.
Qeyd edək ki, DİM-in mətbuat orqanı olan “Abituriyent” jurnalının bütün məhsulları ölkə daxilində çap edilir və Mərkəzin nəşrləri adı ilə ölkə xaricindən Azərbaycana gətirilən kitabların hamısı qeyri-qanuni (pirat) nəşrlərdir. Bu tip çap məhsullarının ekspertizası onlarda xeyli sayda elmi, texniki, poliqrafik, gigiyenik və digər qüsur və zərərli cəhətlərin olduğunu göstərir. Digər tərəfdən, qeyri-qanuni (pirat) nəşrlərin satışından vergilər ödənilmədiyindən, dövlət büdcəsinə də külli miqdarda ziyan dəyir.
Göstərilən halları nəzərə alaraq Dövlət İmtahan Mərkəzi “Caspi LTD” MMC-nin hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus kitabların pirat nüsxələrini ölkəyə idxal etməsi və qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi, ölkəyə idxal etdiyi kitabların aşkar edilmiş pirat nüsxələrinin məhv edilməsi və kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi iddiası ilə məhkəməyə ərizə ilə müraciət edib.