Şirvanda 56 yaşlı kişinin meyiti şkafdan tapıldı - QƏTLMİ?

Şirvanda mənzildən meyit tapılıb. Tapılan şəxsin meyitinin xarici müayinəsi zamanı onun bədənində xəsarətlər aşkar edilməyib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Şirvan şəhəri 20 yanvar küçəsindəki yaşayış binasının 2-ci mərtəbəsinə qana oxşar mayenin axması barədə polisə müraciət edilib. Həmin ünvana gələn polis əməkdaşları qapının girişində şkafın içərisində kişi meyiti aşkar edib. Məlum olub ki, şkafa yerləşdirilən meyit Ağsu sakini, 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğluna məxsusdur.

Meyit müayinə olunub. C.Məmmədovun meyitinin şkafa yerləşdirilməsi onun qətlə yetirildiyi şübhələrini artırsa da, aparılan xarici müayinə zamanı onun üzərində heç bir xəsarət aşkar edilməyib. O da məlum olub ki, meyiti tapılan Cəmaləddinin bir tanışı və sıx ünsiyyətdə olduğu, “Hepatit C” xəstəliyinin daşıyıcısı olan Mübariz adlı şəxs təxminən 10 gün əvvəl narkotik vasitə ilə saxlanılıb. Buna görə də Cəmaləddin Məmmədovun narkotik vasitənin artıq dozası səbəbindən öldüyü də ehtimal olunur. Elə meyiti şkafa yerləşdirənin də polis araşdırmasından yayınmağa çalışan Mübariz olduğu ehtimalı yaranıb.

Hazırda Şirvan Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisənin baş vermə təfərrüatları araşdırılır.

Qeyd edək ki,  56 yaşlı C.Məmmədov martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanasından çıxaraq bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə mətbuatda məlumatlar da verilib.

Müəllif | Apa.Tv
Apa.tv