Səudiyyə manipulyasiya edir, gözlər ABŞ-a dikildi - NEFT BAZARI ÇALXALANIR

Birjalarda neftin qiyməti ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, ötən ticarət seansında 70 dollar səviyyəsinədək yüksəlməyə cəhd edən qiymətlər günü 68,99 dollardan başa vurub.

 

Səhər seanslarında isə "Brent" neftinin 1 bareli 69,64 dollardan satılıb. WTI neftinin qiyməti də 0,58 faiz ucuzlaşaraq, 64,67 dollar təşkil edib. Qiymətlərin azalan dinamikası ABŞ Neft İnstitutunun ştatlardakı "qara qızıl" ehtiyatının ötən həftə 5,3 milyon barelə çatdığı hesabatı ilə əlaqədardır. Ekspertlər isə sonrakı mərhələdə ehtiyatların daha 1 milyon barel artacağı qənaətindədir.

 

Bununla belə aparıcı neft analitikləri Səudiyyə Ərəbistanının qiymətlərlə manipulyasiya etdiyini açıqlayıb. Hazırda isə həm treyderlər, həm də elə birjalar ABŞ-dakı ehtiyat həcmi ilə bağlı axşam saatlarında açıqlanacaq hesabata köklənib. Çünki məhz bu sənəd neft qiymətlərinin sonrakı inkişaf dinamikasını diktə edəcək.

 

Əgər ekspertlərin ABŞ-da "qara qızıl" ehtiyatının daha bir milyon barel artdığını təsdiqləsə, bazar mənfi istiqamətdə çalxalanacaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov