Ceyms Mettis: "Ruslar düşünür ki, bəzi şeylər edib, sonra inkar edə bilərlər"

"Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır".

 

APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib.

O bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: "Ruslar düşünür ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər".
 

C.Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb. 

Bu arada rəsmi Moskva Rusiyanın NATO-nun Brüsseldəki mənzil-qərargahında akkreditə olunmuş 7 diplomatının "arzuolunmaz şəxs" elan edilməsinə münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun bu addımının Avropanın təhlükəsizliyinə və Alyansla Kreml arasındakı əlaqələrə mənfi təsir edəcəyi iddia edilib.


Xatırladaq ki, qərar NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən elan olunub və Rusiyanın NATO-dakı missiyasının tərkibinin 30 nəfərdən 20 nəfərə qədər ixtisar ediləcəyi açıqlanıb.

 

Bundan əlavə, martın 26-dan bəri ABŞ, Avropa İttifaqının əksər üzvləri və bəzi digər ölkələr Rusiya diplomatlarını "arzuolunmaz şəxs" elan etməyə başlayıblar.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov