Tikinti şirkəti ilə vətəndaşlar niyə anlaşa bilmir? - ARAŞDIRMA
Bakıda daha bir tikinti şirkəti ilə vətəndaşlar arasında narazılıq yaranıb.
APA TV-nin xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki mövcud yaşayış binalarının sökülməsi bir neçə sakinin narazılığa səbəb olub.
Sakinlər evlərinin sökülməsinə etiraz edirlər: "Problem ondadır ki, "Olympus Park" şirkəti bizə tikdiyi binadan mənzil verir, amma torpağımızın pulunu vermir. Bu həyətdə yalnız bu üç ailənin bütün sənədləri qaydasındadır. Tələbimiz odur ki, şirkət evə və torpağımızın kvadrat metrinə uyğun yeni binadan bizi mənzillə təmin etsin. Biz də halallıqla çıxaq gedək. Bizim çıxarışımız var, Daşınmaz Əmlakın Dövlət Reyestrindən bütün sənədlərimiz var. Eyni zamanda 80 kvadrat metr də torpaq sahəmizə var. 1994-cü ildən bu ev bizimdir. Yəni şəxsi mülkümüzdür".
Məsələyə aydınlıq gətirmək məqsədilə tikinti şirkətinin nümayəndəsi ilə görüşdük. Öyrəndik ki, sözügedən məhəllə sakinləri ilə tikinti şirkətinin nümayəndələri arasında danışıqlar aparılıb və sakinlərin razılığı əsasında söküntü işlərinə başlanılıb: "Biz tikinti şirkəti olaraq bütün rəsmi sənədlər əsasında işimizə başladıqdan sonra, təxminən bir ay öncə bu həyətin yalnız 3 sakini gedib torpağına da sənəd alıb ki, bizə torpağın da pulu ödənməlidir. Artıq biz məhkəməyə müraciət etmişik və məhkəmənin qərarını gözləyirik. Hazırda həyətdə 5 ailə qalıb və 26 ev sökülüb".
Şirkət nümayəndəsi qeyd etdi ki, evi sökülən bütün sakinlərə kirayə haqqı ödənilib və onlara yeni tikilən hündürmərtəbəli binalardan mənzil veriləcək: "Sənədlərə əsasən əgər sakinin evi 100 kvadrat metrdirsə, əlavə olaraq ona 120 kvadratmetr təmirli mənzil təqdim olunacaq. Bütün bu alqı-satqı işləri də notarial qaydada həyata keçirilib. Bütün sakinlərin kirayə haqqı belə hüquqi sənədlər əsasında ödənilir".
Nəsimi Rayon İcra Hakimiyyəti də məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə söküntü işləri İcra Hakimiyyətinin 27 yanvar 2017-ci il tarixli 18 saylı sərəncamına əsasən aparılır. Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarı rəhbər tutularaq "AKT KO LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi razılığı ilə sözügedən məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilib.
Sifarişçiyə, yəni tikinti aparan şirkətə tapşırılıb ki, ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin.
Bu da tərəflərin mövqeyi... Yəqin ki, tamaşaçılarımız üçün qaranlıq məsələ qalmadı. Problemin qarşılıqlı razılaşma əsasında həll ediləcəyinə ümid edirik.