İranlı turistlər Novruzu Lənkəranda qeyd edib

Lənkərana ötən ilki Novruz bayramında olduğu kimi, bu il də xeyli sayda turist gəlib.

 

APA TV-nin cənub məlumatına görə, gələn turistlər arasında yerli qonaqlarla yanaşı, xarici ölkələrdən üz tutanlar da çoxluq təşkil edir. Bunlar arasında isə ilk sırada qonşu İran İslam Respublikasından olan turistlər qərarlaşıb. Digər sıralarda MDB ölkələrindən olan turistlər yer alıb.

 

Gələn qonaqlara yerli mətbəxin təamları ilə yanaşı, Avropa mətbəxi də təklif olunub: "Xoş keçirdik, çox gözəl, çox yaxşı, iyi adamları var. Çox gözəldir. Çox gözəl yeməkləri var. Adamları çox mehribandır. Burda Novruz bayramı çox gözəl idi. Xoş keçdi, oddan atlandıq. Burda, Lənkərandakı cücələr, balıqlar çox gözəl".

 

Hotellərin qiymətləri də turistlərin ürəyincə olub. Belə ki, bir turistin Lənkəranda bir gecə keçirməsi üçün şəraitindən asılı olaraq qiymətlər 70-200 manat arasında dəyişib. Qiymətlərə səhər yeməyi və digər xidmətlər daxil edilib: "Hələ qonaqların gəlişi davam edir. Hər gecə şou əyləncələr, canlı musiqilər olur. Qonaqlar bizdən razıdır. Qiymətlər 70-200 manata kimi davam edir. Səhər yeməyi, trenajor və hovuz daxildir".

 

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov isə bildirdi ki, bu il Novruz bayramı ərəfəsində Lənkərana gələn turistlərin sayında nəzərə çarpacaq qədər artım müşahidə olunub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, bu il bu artım 25% təşkil edib. Ötən illərlə müqayisədə isə artım 40-50% olub: "Əvvəlki illərdən fərqli olaraq, bu il əksər turizm obyektlərində, şəhərin özündə daha çox əyləncəli proqramlar, konsertlər, müxtəlif şoular gələn qonaqlara təqdim olunub. Ona görə bu da öz növbəsində gələn qonaqların sayında özünü göstərib".

 

Ümumilikdə son 3 ay ərzində Lənkərana 5 min əcnəbi turist gəlib. Ötən illərin eyni dövrlərində isə bu rəqəm 3 min nəfəri ötməyib.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov