"Exit-poll" öncəsi sorğunun nəticələri açıqlandı
11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı ABŞ-ın "AJF & Associates Inc." təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll" öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlayıb.
APA TV-nin xəbərinə görə, prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə keçirilmiş sorğuda 50 inzibati rayon üzrə 1500 nəfər respondent iştirak edib. Sorğu martın 13-dən 22-nə kimi aparılıb.
ABŞ təşkilatının rəhbəri Corc Birnbaum bu gün keçirilən brifinqdə deyib ki, sorğuya əsasən, respondentlərin 83 faizi seçkilərdə hazırkı prezident İlham Əliyevə səs verəcəyini bildirib. Ümumilikdə respondentlərin 3/4-ü dövlət başçısına dəstək ifadə edib.
Respondentlərin böyük əksəriyyəti 74,0%-i (1110 nəfər) "Azərbaycanda Milli Məclisə seçkilər və ya prezident seçkilərində necə iştirak edirsiniz” sualına "həmişə" seçkilərdə iştirak etdiklərini bildirib. 10% (150 nəfər) respondent isə prezident seçkilərində ilk dəfə iştirak edəcəyini bildirib.
"Anket sorğusunun I blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meylli olma imkanlarını açmağa imkan verir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsə idi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz” sualına və “Əgər parlament seçkiləri bu gün keçirilsə idi, hansı partiyanın namizədinə səs verərdiniz” sualına 1244 nəfər olmaqla 82,9% respondent prezident İlham Əliyev və 1064 nəfər olmaqla 70,9% respondent Yeni Azərbaycan Partiyası cavabını verib.
“Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz” sualına alınmış cavablar “əla” - 28,9% (433 nəfər), “yaxşı” - 27,1% (406 nəfər), “orta” - 19,9% (299 nəfər) olub. Bu cavablar hər biri ayrılıqda müsbət cavablardır və ümumilikdə 75,9% (1138 nəfər) respondentin hazırkı hökumətin fəaliyyətini qənaətbəxş qəbul etdiyini göstərir.
Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar da təsdiq edir ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.
Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 11 aprel 2018-ci il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir.