ABŞ səfiri: "AXC Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk dövlətdir"
"Azərbaycan neft-qaz ölkəsidir və bu istiqamətdəki strategiyasını uğurla davam etdirir".
APA TV-nin məlumatına görə, bunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə təşkil olunan işgüzar naharda ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib: "Bu strategiya ilə yanaşı, Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı Şərq-Qərb, həmçinin Şimal-Cənub dəhlizi boyu ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr də Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir".
Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinə toxunan diplomat Dağlıq Qarabağ münaqişəsindən danışıb: "Biz bu il Azərbaycanın zəngin tarixinin digər aspektini - Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edəcəyik. Bu, Şərqdə müasir müsəlman demokratiyasının ilk nümunəsi, qadına seçmək və qanunverici orqanda iştirak etmək hüququ verən ilk dövlətdir. Bununla belə, Dağlıq Qarabağ ətrafındakı daimi münaqişə vəziyyətini qeyd etməklə yanaşı, münaqişənin sülh yolu ilə, dünyada qəbul olunan prinsiplər əsasında həllinin vacibliyini vurğulamaya bilmərik".
Səfirin çıxışından sonra mərasim mətbuat nümayəndələri üçün qapalı elan olunub.