Şeyxülislam: "Mən nəzir qutularına qarışmıram"
"Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: "Gizlətmirəm, mənim prezidentlə ata-bala kimi söhbətlərim olur. Deyirlər, bu yer filankəsindir. Deyirəm, əgər mənim belə şeyə ehtiyacım olsa, deyərəm bu yer mənimdir. Hamısı iftira, yalandır. Mənim haqqımda deyilər ki, 150 hektar yeri var, bir çox sözlər deyirlər. Kimsə deyirsə, ona qulaq asıb belə sözlər demək olarmı?"
Allahşükür Paşazadə dindarlar belə məsələlərdə daha fəal olmağa çağırıb: "Yalandan deyirlər ki, xaricdə Şeyxin mülkləri var. Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri "prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür" deyir. Belə çıxır ki, mənim haqqımda deyilən düzdürsə, elə onun prezident haqqında dediyi də düzdür?"
Şeyxülislam nəzir qutuları ilə bağlı deyilən bəzi məsələlərə də aydınlıq gətirib: "Burda oturan adamlar, Şeyxin nəzir qutularına bir müdaxiləsi varmı? Nəzir qutularının hamısı sizin əlinizdədir. Əgər belədirsə, sizə deyirlər bunu. Mən bir dəfə bunlara qarışmışammı? Bunlara da biz öz cavablarımızı verməliyik".
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, ermənilər müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımları təkbaşına etməyib. Onların arxasında ölkəmizə qarşı separatçı niyyətdə olan iri güclər dayanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasa, baş verənlər unudulub gedər. O, əlavə edib ki, bir çox beynəlxalq sənədlərdə Ermənistanın işğalçı dövlət olması öz əksini tapıb.
Sonda Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.