Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyinə başsağlığı verib
Martın 28-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək, bu ölkənin Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
APA TV xəbər verir ki, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.
Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edib.
Azərbaycandakı diplomatik korpusların nümayəndələri də Rusiya səfirliyinə gələrək, başsağlığı veriblər.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev də Rusiya xalqının kədərinə şərik olduqlarını bildiriblər.
Həlak olanların xatirəsini yad etmək üçün vətəndaşlar da səfirliyin qarşısına gül dəstələri düzüb, şamlar yandırıblar.
Matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.