Bolqarıstanda Azərbaycanlıların Soyqırımı günü qeyd olunub

Bolqarıstanın paytaxtı Sofiya şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib.

 

APA Tv-nin xəbərinə görə, mərasimdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyini qeyd edəcəyimiz 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar bir il olduğunu qeyd edib, bir əsr əvvəl ölkəmizdə Müsəlman Şərqində ilk parlament demokratiyasının yaradıldığını bildirib.

 

Səfir təəssüflə deyib ki, bu gənc demokratiyanın yaranmasından öncə azərbaycanlılar torpaqlarımızın zorla zəbti və günahsız həmyerlilərimizin qətli ilə nəticələnmiş kobud erməni millətçiliyi və separatçılığı ilə üzləşib. Azərbaycan xalqına qarşı terrorun tarixinin “Böyük Ermənistan”ın qurulması xülyası naminə törədilən faciələrlə dolu olduğunu ifadə edən N.Qurbanova bu faciələr arasında 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən silahsız azərbaycanlılara qarşı törədilən qanlı soyqırımın xüsusi yer tutduğunu vurğulayıb.

 

Müxtəlif hesablamalara görə, 1918-ci ilin 31 mart tarixi və aprel ayının ilk günlərində Bakı şəhərində 12 min ilə 30 min arası azərbaycanlının öldürüldüyünü söyləyən N.Qurbanova erməni millətçiləri tərəfindən Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qırğın və etnik təmizləmələrin aparıldığını vurğulayıb. Bu təcavüzkar qırğında Bakı Sovetinin 6000 silahlı əsgəri ilə yanaşı, 4000 silahlı daşnak da iştirak edib.

 

Xanım diplomat azərbaycanlı qadın və uşaqların qanlarını tökən daşnak cəlladları Andranik Ozanyan və Qareqin Njdeyə müvafiq olaraq Varna şəhərində abidə və Sofiyada xatirə lövhəsinin ucaldılmasının təəssüf hissi doğurduğunu iştirakçıların diqqətinə çatdırıb.

 

Anım mərasimi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ingilis dilində hazırlanmış sənədli film nümayiş olunub.

 

Mərasimin sonunda Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli