Qoyun satdı, qarşılığında saxta pul verdilər - AĞSUDA

Ağsu sakinini saxta pulla aldadaraq ondan 5 baş qoyun alan şəxs tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlu Ağsu şəhərində yerləşən heyvan bazarında tanımadığı şəxsə 5 baş qoyunu 600 manata satıb.

İ.Musayev sonradan həmin pulun saxta olduğunu bilib və dərhal Ağsu Rayon Polis Şöbəsinə məlumat verib. Saxta pulları verən şəxsin Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu olduğu müəyyən edilib. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb. B.Nəcəfov ifadəsində saxta əskinasları Rusiyanın Dağıstan Respublikasının sakinindən aldığını deyib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv