İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri başlayıb
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan prezidenti səfərin uğurlu olacağı, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişaf edəcəyinə əmin olduğunu bildirib: "Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək”.
Prezident Həsən Ruhanı, öz növbəsində deyib: “Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun. Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm”.
Təkbətək görüş başa çatandan sonra iki dövlət başçısının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezidentlər görüşdə çıxış edib.
Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluqla danışıb: “Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır”.
Həsən Ruhani qeyd edib ki, İran və Azərbaycan arasında əməkdaşlıq təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir: “Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir. Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq”.
Geniş tərkibdə görüşün ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Mərasimdə dövlət rəsmilərinin iştirakı ilə 8 sənədin qarşılıqlı imzalanması baş tutub. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış edib.