Bakıda iki narkotik alverçisi tutuldu

Bakıda iki narkotik alverçisi saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkar edilib.

 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, M.Cəfərov narkotik maddələri yaşadığı Maştağa qəsəbəsində əkib, daha sonra satmaq məqsədi ilə qurudaraq qablaşdırıb.

 

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarov da saxlanılıb. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan marixuananın ümumi çəkisinin 4 kiloqram 150 qram olması barədə rəy verilib.

 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov