Ölkə yolları QIŞA HAZIRDIRMI?
Ötən həftə yağan güclü qar paytaxtda bir sıra problemlər yaradıb. Xüsusilə yollarda ciddi çatışmazlıqlar ortaya çıxıb. Paytaxtda və şəhərlərarası yollar keçilməz hala düşüb, dağlıq ərazilərdə yollar bağlanıb. “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, yolların qardan və buzdan təmizlənməsi üçün qartəmizləyici maşınlar işə salınıb. Eyni zamanda yolların buzunun əridilməsi üçün duz səpilib. Pünhan Mürsəliyev ümumilikdə respublika ərazisində yolların qardan təmizlənməsi üçün 1100 ədəd qartəmizləyən texnikanın işə cəlb edildiyini bildirib: "Kifayət qədər texnika, qum, duz ehtiyatımız var. Ümumilikdə, respublika ərazisində yolların qardan təmizlənməsi üçün 1100 texnika işləyir. 700 ədəd qartəmizləyən maşın rayonlarda, 400 ədəd qarkürüyən texnika isə Bakıda işləyir. 24500 kubmetr qum, 1500 ton duz ehtiyatı, var. Yaxın günlərdə daha 1000 tona yaxın duzun alınması gözlənilir".
Havaların qeyri sabit keçməsi ilə əlaqədar "Azəryolservis" ASC-nın nəzdində qaynar xətt və növbətçilik təşkil edildiyini deyən Pünhan Mürsəliyev onu da bildirib ki, günün istənilən saatında qar səbəbindən yollarda hər hansı problem yaranarsa, o zaman sürücülər və sakinlər mərkəzlə əlaqə saxlaya bilərlər.
Hidrometerolqlar da yaxın 2 gündə havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağının gözlənildiyini, yolların buz bağlayacağını bildirirlər.