Ermənistan dövlət səviyyəsində etnik təmizləmə həyata keçirib - FAKTLAR

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçiriblər.

 

APA TV-nin məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

 

İ.Axundov qeyd edib ki, ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır: “Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib”.

 

İ.Axundov vurğulayıb ki, ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub.

 

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var. Kilsə və ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur. Bakı şəhərində çoxlu sayda erməni sərbəst şəkildə yaşayır və onlarla azərbaycanlılar arasında heç bir konflikt yoxdur: "Ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb, Qarabağdakı məscidlər yerlə-yeksan edilib. Azərbaycanda isə erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur. Biz Şuşadakı "Gövhər ağa" məscidinin təmirinin arxasında da siyasi məqsədlərin dayandığı çox yaxşı bilirik".

 

"Ermənilərin işğalçılıq və soyqırım siyasəti səbəbindən Qafqazda hələ də sülh əldə etmək mümkün olmayıb" - deyən Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir nəfər də olsa azərbaycanlı, müsəlman qoymayıb: “Ermənilər yalnız ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıblar. Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır”.

 

Konfrans çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı