Ermənistanı matəmə qərq edən Milli Qəhrəman - REPORTAJ
Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun ölümündən 26 il keçir. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tabil Həsənov 1992-ci il martın 29-da Şuşada şəhid olub.
Tabil Qasım oğlu Həsənov 1960-cı il iyulun 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. O, 1990-cı ildə kənd sakinlərindən ibarət özünümüdafiə dəstəsi yaradıb, Kosalar, Meşəli, Cəmilli və digər kəndlərin müdafiəsində fədakarlıqla döyüşüb. 1991-ci il dekabrın 15-də ermənilərin Cəmilli kəndinə hücumunu dəf edib, Qırxqız yüksəkliyində ermənilərin onlarla canlı qüvvəsini məhv edib. Bu döyüşdən sonra xalq onu “Qırxqız qartalı” deyə çağırıb. Az sonra öz dəstəsi ilə birlikdə Meşəli kəndinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. 1992-ci il martın 29-da Kosalarla Xankəndi arasındakı Ağdaş yüksəkliyi uğrunda döyüşdə onun dəstəsi 53 erməni yaraqlısını məhv edib, onlardan 12-ni Tabil özü öldürüb. Düşmən məğlub edilib, Ermənistan dövlət səviyyəsində 3 gün matəm elan edib. Lakin Tabil özü də bu döyüşdə qəhrəmanlıqla həlak olub. Kosalar kəndində dəfn edilib.
32 yaşlı qəhrəman ölümündən bir neçə gün əvvəl həyat yoldaşı Lətifə xanımı 3 körpə uşağı və yaxın qohumları ilə birlikdə Bərdə rayonunun Şirvanlı kəndindəki məktəb binasına yerləşdirib və yenidən döyüşlərə qayıdıb. Lətifə xanım deyir ki, Tabilin qəhrəmanlığı, göstərdiyi igidlik ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib və 1995-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verib.
Tabil Həsənovun ermənilərin əlindən qurtardığı soydaşlarımızın sayı-hesabı yoxdur. Təkcə bir faktı deyək ki, Xocalının Meşəli kəndində ermənilərin bir evə yığıb yandırmaq istədiyi əksəriyyəti uşaqlar olan 15 nəfəri o, təkbaşına xilas edib.
Lətifə xanım Tabilin 2 qız, 1 oğlan övladı böyüdüb. Üçü də ailə qurub, qızlar ali təhsil alıb. İndi Lətifə xanım oğlundan bir oğul nəvəsi istəyir - Tabilin adını qoymaq üçün. Bundan da böyük arzusu isə torpaqlarımızın işğaldan azad olunması və ərinin işğal altında qalan məzarını nəvələri ilə birlikdə ziyarət etməkdir: "Bu, Tabilin bəy dəsmalıdır, bu şərfidir, kostyumunun cibində qoz ləpəsidir. Mənim ən böyük arzum məndə qalan əmanətini öz yatdığı-uyuduğu torpaqda onu onun öz qəbrinin yanında dəfin edib, onun qəbrini ziyarət etməkdir. Mənim ən böyük arzum nəvələrimlə, qızlarımla, yeznələrimlə, gəlinimlə o qəbri torpaqlarımızı ziyarət etməkdir".
Lətifə xanım ötən 26 il ərzində Tabilin yoxluğu ilə barışmayıb, onu hər zaman yanında hiss etdiyini deyir. Uşaqlarının böyüyüb boya-başa çatmasında Tabilin ata-anası, bacı-qardaşı çox dəstək olub bu ailəyə. Lətifə xanım bu gün nənə olsa da, böyüklərə olan sayğısını hər zaman qoruyub: "Bir qırmızı xalatı, onu da qayınanamdan üzr istəmişəm, oğlum əsgərlikdən gələndə geyinmişəm. Bircə dəfə bir gün geyinib çıxartmışam ki, oğlum əsgər gedib gəlib. 26 il ərzində oğlumu əsgər yola salanda xına yaxmışam əlimə sağ-salamat gedib qayıtsın. Bir də toyunda".
Atası şəhid olanda Nəsirin 5 yaşı olub. Atasını az xatırlayır, amma onun qəhrəmanlıqları haqqında çox eşidib: "Atasızlıq... Oğul atadan yetim qalar. Amma indiki zamanda anam məni elə böyüdüb ki, atasızlıq hissini, yəni atasızlığı bilməmişik. Belə ailənin övladı olduğum üçün fəxr edirəm. Həm o cür kişinin övladıyam, həm də bu cur ananın. Hər ikisi ilə fəxr edirəm".
Nəsir Həsənov bu gün atasının keçmiş döyüşçü dostları ilə birlikdə vətənin keşiyində durur və atasının qisasını alacağına söz verib: "O vaxt müharibə illəri idi, Şuşa polisi döyüşürdü. Mən bu gün Şuşa rayon Polis Şöbəsində xidmət aparıram. Atamın iş yoldaşları, dostları ilə bir yerdə işləyirəm. Onlarla bir yerdə işləmək mənim üçün bir fəxrdir".
Qeyd edək ki, Şuşa rayon Polis Şöbəsi bu gün döyüş bölgəsində - Tərtər rayonunda xidmət aparır.