FHN Akademiyasında soyqırım qurbanları anılıb

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci ildə azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, əvvəlcə soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında tarixi torpaqlarımızın müxtəlif bölgələrində xalqımıza qarşı törədilmiş soyqırımı aktı “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni-daşnak millətçilərinin məkrli planlarının tərkib hissəsidir. O da vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 19 ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

 

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamının əhəmiyyətindən danışan Akademiyanın rəisi 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları və bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə də ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını diqqətə çatdırıb. Baş vermiş faciənin tarixinə toxunan natiq bildirib ki, bu qanlı hadisələr nəticəsində mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib.

 

Mərasim iştirakçıları tədbirin sonunda 31 mart -  Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş filmi izləyiblər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı