“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı təqdim olunub

Prezident Kitabxanasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir.

 

Araz Qurbanovun sözlərinə görə, hər üç müəllif çalışıb ki, erməni yalanlarını erməni mənbələrinin, erməni müəlliflərinin dili ilə təkzib edək: "Belə daha inandırıcı olur və daha düzgün istiqamətdir. Geniş oxucu kütləsinə çatması üçün kitabı akademik dildə deyil, sadə dildə, oxunaqlı yazmağa çalışmışıq".

 

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstu Həbibbəylidir.

 

Elmi məsləhətçi çıxışı zamanı bildirdi ki, ermənilər etnik kimlikdən çox Qriqoryanlığın təsiri altında formalaşan simbioz kimlikdir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır.

 

Elşad Əlilinin sözlərinə görə, əsərdə orta əsr İslam, ərəb-fars mənbələri, yəni bütün lazım olan tarixi mənbələrdən istifadə olunub.

 

SAM-ın direktoru Fərhad Məmmədov çıxışında region xalqlarının maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyib.

 

Nazim Mustafa isə qeyd edib ki, kitabda 24 erməni iddiasına, 24 cavab var.

 

Araz Qurbanov vurğulayıb ki, erməni yalanları möhkəm bünövrəyə malik deyil: "Erməni yalanlarının bir xüsusiyyəti onların faktoloji materiallarının olduqca kövrək olmasıdır. Erməni tarixçiliyinin ən çox ehtiyat etdiyi də bu istiqamətdir".

 

Müəlliflər qeyd etdi ki, bu kitab xarici dillər də nəşr ediləcək və bu mövzuda araşdırmalar davam edəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı