Ağdam... Muğam... Arif Babayev... - REPORTAJ
Görkəmli muğam ustadı, Azərbaycanın xalq artisti Arif Babayev 80 illik yubileyi münasibətilə Ağdamda sevənləri ilə görüşüb.
APA TV-nin məlumatına görə, Ağdam Olimpiya İdman Kompleksində xalq artisti Mənsum İbrahimovun təşəbbüsü ilə təşkil olunan tədbirdə professorun tanınmış tələbələri də iştirak edib.
Ustadın yetirmələrindən olan Aygün Bayramova, Nəzakət Teymurova, Firuz Səxavət, Təyyar Bayramov, Elşad Aydınoğlu, Səbuhi İbayev muğam və xalq mahnıları ifa ediblər.
Onlar ustadlarının Azərbaycan muğam və musiqi sənətində misilsiz xidmətlərindən də bəhs ediblər. Bildiriblər ki, Arif Babayev istedadlı gənc muğam ifaçılarının üzə çıxarılmasında əvəzsiz rol oynayıb.
Konsertin sonunda yubilyar da tamaşaçılar üçün oxuyub.
Ustad ayaq üstə alqışlanıb. 80 yaşlı sənətkar bildirib ki, ən böyük arzusu ömrünün son illərini Qarabağda yaşamaqdır: “Mənim bir dərdim var, böyük bir dərdim var, Qarabağ dərdim var. Demişəm, alınsın, dizin-dizin gedəcəyəm. Mən burada doğulmuşam, 80 yaşım var, inanıram ki, o günü görəcəyəm”.