"Xocalı dərsi" sənədli filminin təqdimatı olub

Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

 

APA Tv-nin xəbərinə görə, təqdimat mərasimində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, baş redaktorlar, QHT nümayəndələri, Xocalı  sakinləri iştirak ediblər.

 

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı  soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.

 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı  şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.

 

Ərəstun Mehdiyev gələcəkdə  "Xocalı dərsi" sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd edib.

 

Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olunub. Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan söhbət açılır.

 

Sənədli filmdə Xocalı  soyqırımının dünyada tanıdılması və erməni faşistlərinin cəzalandırılmasının zəruriliyi barədə fikirlərini bölüşən Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasını yüksək qiymətləndirir. Ə.Həsənov qeyd edir ki, ATƏT-in Minsk Qrupu və həmsədrlər işğalçı Ermənistana ciddi təzyiq göstərmirlər.

 

Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Almaz Qasımova