Rusiya ABŞ diplomatlarına vaxt qoydu: "Ölkəni tərk edin!"

Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı baş konsulluğunun işçisi olduğu bildirilir.

Bununla yanaşı, Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır. Bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.

“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Con Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, ABŞ bundan əvvəl “Skripal işi” ilə əlaqədar Böyük Britaniya ilə həmrəyliyini nümayiş etdirərək, Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın Sietldəki baş konsulluğu bağlanıb.

Müəllif | Apa.Tv
Apa.tv