Britaniyada zəhərlənən polkovnikin qızı özünə gəldi

Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənən rus polkovnikin qızı Yuliya Skripal uzun sürən müalicədən sonra özünə gəlib və danışmağa başlayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, BBC-yə Solsberi xəstəxanasındakı mənbədən bildirilib.

Britaniya rəsmiləri qızın vəziyyətinin yaxşılaşması barədə Rusiya tərəfinə də məlumat verib. Bununla əlaqədar olaraq rəsmi Moskva Londondan konsulluq nümayəndələri ilə polkovnikin qızı arasında görüş yaradılmasını tələb edib.

"Britaniya rəsmiləri bu gün bizə Yuliya Skripalın vəziyyətinin yaxşılaşması barədə məlumat verib. Biz bir daha bir Rusiya vətəndaşı kimi Yuliya ilə görüşün yaradılmasını tələb etdik. Ümid edirəm ki, Britaniya tərəfi Konsulluq Konvensiyası və Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyası üzrə öhdəliklərə riayət edəcək", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Qeyd edək ki, Britaniyaya casusluqda ittiham olunan sabiq Rusiya polkovniki Sergey Skripal və onun qızı Yuliya martın 4-də Solsberi şəhərində naməlum maddədən zəhərlənib. Rəsmi London sonradan həmin maddənin Rusiya istehsalı olduğunu deyərək bu sui-qəsddə Moskvanı günahlandırıb. Rusiya tərəfi isə bütün ittihamları rədd edib.

Müəllif | Apa.Tv
Apa.tv