Tramp bəyan etdi: "Yaxın zamanda Suriyadan çıxacağıq"

"Yaxın zamanda Suriyadan çıxacağıq". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donad Tramp bəyan edib.

 

"Suriya ərazisində olmağımızın tək səbəbi İŞİD idi. Biz onun məhvi məsələsində proqresə nail olmuşuq. İndi isə oradan çıxmaq vaxtıdır. Qoy bir az da başqaları maraqlansın. Terrorçuların "xilafət" adlandırdığı rejimi tezliklə bitirəcəyik" - deyə o qeyd edib.

 

Ağ Ev rəhbəri həmçinin ordunun bölgədə nail olduğu irəliləyişi də təqdir edib.

 

Açıqlamanın ardınca Dövlət Departamentinin sözçüsü Hizer Nauert ABŞ-ın Suriyadan çıxmaqla bağlı qərarından xəbərdar olmadığını bildirib.

 

H.Nauert həmçinin Türkiyənin Sincarda hərbi əməliyyat keçirməsi planına da toxunub və bildirib ki, bunun üçün rəsmi Ankara İraq hökumətindən razılıq almalıdır. Bununla belə, Departament rəsmisi PKK silahlılarının Sincarı tərk etməsindən xəbərsiz olduğunu da qeyd edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov