Oqtay Əsədov: "Böyük Ermənistan" xülyası Cənubi Qafqaza fəlakətlər gətirib"

Azərbaycan Milli Məclisinin xüsusi iclası keçirilib. APA TV-nin məlumatına görə, iclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.

 

Bir dəqiqəlik sükutdan sonra spiker Oqtay Əsədov iclası açıq elan edib: "Çar Rusiyası işğal edilən ərazilərdə öz mövqelərini möhkəmləndirmək üçün İran və Osmanlıdan ermənilərin köçürülməsini həyata keçirib. Artıq XIX əsrin sonlarında Qafqaza 1 milyon erməni köçürülüb. Erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqaza daim fəlakətlər gətirib. Nəticədə 2 milyona yaxın insan öldürülüb. Bakıda, İrəvanda, Dərələyəzdə, Anadoluda, Tiflisdə, Şamaxıda və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 31 mart bu soyqırımların ən dəhşətlisidir. Təkcə Bakıda 10 mindən çox insan öldürülüb".

 

O bildirib ki, erməni məsələsi Cənubi Qafqazda 1828-ci ildə Şimali Qafqazın Çar Rusiyası tərəfindən işğalı ilə başlayıb: "Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur Azərbaycanın ərazilərdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Əminəm ki, işğal altındakı ərazilər azad ediləcək".

 

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Milli Məclis Azərbaycanlıların soyqırımı və Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir: "Milli Məclis müraciət etsin ki, buna hüquqi qiymət verilsin. Xocalı soyqırımını törədən qatillər həyatda yaşayırlar. Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib. Bu gün dünyada nədənsə müsəlman aləmində olan qırğınlara qarşılı ikili standartlıq var. Hesab edirəm ki, Milli Məclis Azərbaycanlıların soyqırımı və Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir”.

 

Müzakirələrdən sonra Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı