Əli Həsənov: “Məqsəd birinci şəxsin və komandasının imicini zədələməkdir"

Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda dəyirmi masa keçirilib.

 

APA TV-nin xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son dövrlər bəzi şəxslər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına təhqirlər səsləndirirlər. O bildirib ki, qarşıdan prezident seçkiləri gəlir və bu kampaniya həm də seçkilərlə bağlıdır: "Təhqir, nifrət, qəzəb, sanki bir söyüş maşını işə düşüb və bu maşını dayandırmaq mümkün deyil. Məqsəd cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır. Bu məsələlər bizi narahat etdi. Yəqin ki, müvafiq dövlət orqanları bu məsələləri araşdıracaq, müəyyən işlər görüləcək".

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkənin fəal ictimai-siyasi proseslər ərəfəsində olduğu dövrdə bu məsələnin ictimai müzakirəyə çıxarılmasını təqdirəlayiq  hesab edib. O qeyd edib ki, qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də saxlanılacaq. Bu gün Azərbaycanda “Facebook”, “Twitter", “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Əli Həsənov cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bunun  böyük göstərici olduğunu vurğulayıb: "Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxışı olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır".

 

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar: "Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə, ölkənin informasiya siyasətinə, diaspora nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım. Əlbəttə, hərə öz səviyyəsində, məxsusi tərbiyə və intellektinin imkan verdiyi çərçivədə bu məsələyə münasibət bildirir, əks düşərgədə olanların ən sağlamları dialoq platformasının davamlı olmasının vacibliyini vurğulayırlar. Milli ziyalı elitasının reaksiyasını görən qaragüruhçu ünsürlər prezidentin köməkçisi olaraq mənim üstümə tökülüşüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir edirlər, ünvanıma hər cür çirkab yağdırırlar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var".

 

Ə.Həsənov vurğulayıb ki, son günlərin müzakirələri həm də xaricdə oturub anti-Azərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı: "O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov  deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla, ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur".

 

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib ki, bu gün Türkiyə, hətta Avropada olmayan təhlükəsizlik, sabitlik Azərbaycanda təmin olunub. Ölkədə sabitliyi qoruyan komanda, zireh olmasa, bu sabitlik, təhlükəsizlik qoruna bilməz.

 

Milli Məclisin deputatları Aqil Abbas, Hikmət Babaoğlu, Elşən Musayev, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və digər çıxışçılar sosial şəbəkədəki bəzi şəxslərin söyüş kampaniyasının yolverilməz olduğunu vurğulayıblar.

 

Tədbir müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova