Neftçala, Salyan və Hacıqabulda Türk Şəhidlikləri ziyarət edilib
1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bolşevik-daşnak silahlı dəstələri Hacıqabul (Şamaxı qəzası), Salyan-Neftçala (Cavad qəzası) və Muğan bölgəsində də kütləvi qətllər, basqınlar və talanlar törədiblər.
Bu gün adı çəkilən rayonlarda bolşevik-daşnak silahlı dəstələrinə qarşı vuruşan türk əsgərlərinin dəfn olunduğu şəhidliklər ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib. Türk əsgərlərinin məzarlarına gül-çiçək dəstələri qoyularaq yad edilib.
Qeyd edək ki, Hacıqabul rayonunda ermənilərin törətdiyi qırğınlar və qətllər haqqında dəhşətli faktlar rayon muzeyində saxlanılan istintaq materialların surətlərində öz əksini tapıb. Ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr verib. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər.
1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər 10 min iri buynuzlu, 15 min xırda buynuzlu heyvanı, taxıl və ərzaq anbarlarını talayaraq aparıblar.
Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Ötən il Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib.
1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər Paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, general Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.