“Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabı təqdim olunub

Professor Əmir Əliyevin müəllifi olduğu, 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunan “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, müəllif qeyd edib ki, məqsəd Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətini ciddi şəkildə dünyaya çatdırılmaqdır: "Kitab 5 dilə tərcümə olunub. Əsas tərcüməçilər BDU-nun hüquq fakültəsinin müəllimləridir. Kitabın yazılmasında həm Azərbaycan müəlliflərinin, həm də xarici müəlliflərin - Rusiya, Ukrayna və s. digər müəlliflərin kitablarına istinad edilib. Hətta erməni mənbələrinə istinadlar var. Bundan başqa, kitabın qeyri-adiliyi ondan ibarətdir ki, kitab 5 dildə nəşr olunmaqla yanaşı, eyni zamanda kitabın rəyçiləri xarici alimlərdir. Bu kitaba rəy verənlər Ukrayna, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və İrandan tanınmış alimlərdir". 

 

Ombudsman Elmira Süleymanova azərbaycanlıların soyqırımının dünyaya çatdırılması baxımından kitabların yazılması, tədqiqatlar aparılmasının vacib olduğunu deyib.  Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər planı ilə əlaqədar prezident İlham Əliyevin sərəncam verdiyini xatırladan Ombudsman bildirib ki, Əmir Əliyevin müəllifi olduğu kitab azərbaycanlıların soyqırımı, beynəlxalq cinayət, təcavüz cinayətinin detalları ilə bağlı əhatəli vəsaitədir.

 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni nəşri əhəmiyyətli vəsait, dəyərli mənbə kimi qiymətləndirib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova kitabı tarixi istinad nöqtəsi baxımından yüksək qiymətləndirib.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə çıxışında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi tarixi düşmənçilik siyasətinə toxunub, bildirib ki, Əmir Əliyev beş dilə tərcümə olunan kitabında Azərbaycan xalqının başına gələn 31 mart faciəsini ümumiləşdirib və hüquq müstəvisində təhlil edib.

 

Deputat Əli Hüseynli, professorlar Elçin Əhmədov, Oleq Zayçuk, Leonid Timçenko və başqaları 31 mart soyqırımını haqqında fikirlərini bölüşüb, “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabını qiymətli vəsait kimi xarakterizə ediblər.

Müəllif | Apa.Tv
Almaz Qasımova