Qubadakı soyqırımı məzarlığına yürüş keçirildi

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımının 100-cü ildönümü ilə bağlı Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, yürüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovQafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, din xadimləri, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakıdan və digər bölgələrdən gələn müxtəlif təşkilatları təmsil edən şəxslər iştirak edib.

 

Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir!”, “Terrorizmə yox!” şüarları səsləndirilib.

 

Daha sonra “Soyqrımların dərsləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransdan öncə “1918-ci il mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgiyə və azərbaycanlıların soyqırımına həsr olunan kitab sərgisinə baxış keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış çıxışı edib. Daha sonra iştirakçılar “Quba soyqırımı” filmini izləyiblər.

 

Konfransda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, prezident İlham Əliyevin bu il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib.

 

Ə.Həsənov bildirib ki, əslində azərbaycanlıların 1918-ci il soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq idi: “Amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni-bolşevik silahlı dəstələrinin cinayətləri barədə əlimizdə olan ən sanballı mənbə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının topladığı materiallardır. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutu Fövqəladə İstintaq Komissiyasının üzə çıxardığı faktların dünya ictimaiyyətinə çatdırılmasına, hadisələrə hüquqi-siyasi qiymətin verilməsinə mane oldu. Lakin  bu Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Fövqəladə İstintaq Komissiyanın gördüyü işin əhəmiyyətini heç də azaltmır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman da mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə 31 mart “Azərbaycanlıların Soyqırımı günü” elan edilib”.

 

Daha sonra konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun, millət vəkili Yevda Abramovun, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın və digərlərinin çıxışları dinlənilib.

Müəllif | Apa.Tv
Vəli Turan