Ermənilər Lənkəranda danışıqlara gedən 13 ağsaqqalı tikə-tikə doğrayıb

100 il əvvəl bolşevik və daşnak cəlladlarının türk-müsəlman əhaliyə qarşı törətdiyi qırğınlar Lənkəran qəzasından da yan keçməyib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qırğını dayandırmaq məqsədilə Lənkəran rayonunun Sütəmurdov kəndinin ağsaqqalları danışığa gedib.

 

Danışıqları pozmaq məqsədilə ermənilər tərəfindən naməlum şəraitdə atəş açılması sülh missiyasının qanlı sonluqla bitməsi ilə nəticələnib. Kənd sakini Hacı Fəxri Sadıqov deyir ki, rus əsgərinin acığını yerli sakinlərdən çıxan Şevkunov danışığa gələn 13 ağsaqqalın rəhm edilmədən doğranması əmrini verib: "Onlardan biri canını güc-bəla ilə qurtarır, yaralı vəziyyətdə gəlib kəndə xəbər verir. Sonradan Şevkunovun dəstəsi bu 13 el ağsaqqalını tikə-tikə doğrayıb iki böyük yeşiyə qoyurlar. Onu o illərdə arabaçı Musa adlı bir nəfərin arabasına qoyub Lənkəranın Dəhnə ərazisində basdırırlar".

 

Kənd sakinləri bundan yalnız bir neçə gün sonra xəbər tutur və cəsədlər basdırıldığı yerdən çıxarılaraq kənd qəbiristanlığına aparılır. Meyitlər o dərəcədə qəddarlıqla doğranılıbmış ki, onları yalnız müəyyən əlamətlərindən ayırd etmək mümkün olur: "Ordakı adamları hərəsini bir əlamətindən tanıyırlar. Biri həmişə barmağına yaşıl üzük salardı, biri həmişə uzun əba, qəba köynəklər geyinərdi, araxçın qoyardı başına. Misal üçün, mənim babam Şeyx Ənnağı Şeyx Əbdülhüseyn oğlu o 13 nəfərdən biridir. O, həmişə saqqalına xına qoyardı. Onu başının doğranmış hissəsindən tanıyıblar".

 

Kənd sakini Ramil Babayev də həmin günlər haqqında məlumat verib: "Bizi şəhərdən bir körpü ayırır. Həmin körpünün o biri tərəfində bu hadisə törədilib. Hissə-hissə olub. Bədən ayrı, baş ayrı, əl ayrı. Biri əlinə baxmaqla, biri gözünə baxmaqla, biri qulağına baxmaqla tanıyıb. Tam şəkildə heç kim tapılmayıb, hamısını da bir yerlə dəfn ediblər".

 

Lənkəran qəzasındakı qurbanlar təkcə bu 13 nəfərlə bitməyib. 1918-ci ilin martında ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Sütəmurdov, Osakücə və digər kəndlərdə minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirib.

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov