Ərdoğandan sərt tənqid: "İsrail terror siyasəti yürütməkdə davam edir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Türkiyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarını sərt tənqid edib və Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan B.Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Biz terrorçuluqla mübarizə aparırıq, amma sənin dərdin terrorçular deyil. Çünki İsrail özü terror siyasəti yürüdür və terror dövləti kimi Qəzzada və Qüdsdə etdikləriniz də göz qarşısındadır".

Türkiyə prezidenti B.Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb. O bundan əvvəl Tel-Əvivi dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə etməkdə ittiham edib və İsraildən buna son qoymağı tələb edib.

İsrailin baş naziri B.Netanyahu da, öz növbəsində, sosial şəbəkə vasitəsilə R.T.Ərdoğanın bu ittihamlarına "dünyanın ən əxlaqlı ordusu illərdir dinc sakinləri ayırd etmədən bombalayanlardan dərs alacaq deyil, hesab edirəm ki, Ankarada 1 aprel zarafatı belə olur", - deyə cavab verib.

Müəllif | Apa.Tv
Apa.tv