Qarkun: "ATƏT MDB-də keçirilən bütün seçkilərə qərəzli yanaşır "

“ATƏT MDB məkanında keçirilən bütün seçkilərə ikili standartla yanaşır ".

 

APA TV-nin xəbərinə görə, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun deyib ki, bu cür yanaşma təmsil etdiyi qurumu ciddi narahat edir. MDB ölkələri gələcək seçkilərə ATƏT-in dəvət olunması məsələsinə yenidən baxmağı düşünür: “Çünki ATƏT MDB məkanında keçirilən seçkilərə qərəzli yanaşır və seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bildirir. Biz də dəfələrlə qərbdən olan tərəfdaşlarımıza bildirmişik ki, dedikləri beynəlxalq standartların vahid forması müəyyən edilməlidir. Yalnız bundan sonra seçkilərin həmin formaya uyğun olub-olmadığını söyləmək mümkündür".

 

MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev isə bildirib ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi təcrübəsi MDB-də seçki qanunvericiliyinin inkişafına kömək edəcək: "Azərbaycandakı prezident seçkiləri beynəlxalq, demokratik standartları özündə əks etdirdi. Bu, bizim müşahidə missiyasının hesabatında da göstərilib".

 

Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” adlı beynəlxalq seminar keçirilib.

 

Müəllif | Apa.Tv